Rüfət Səfərov müvəqqəti buraxıla bilər

Hüquq-mühafizə sistemindəki vəziyyəti tənqid etdiyinə görə haqqında cinayət işi açılan və 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərov-un nənəsi vəfat edib.

Keçmiş müstəntiqin yas marasiminə qatıla bilməsindən ötrü, qanunvericiliyə uygun müvəqqəti sərbəst buraxılması məqsədi ilə bu gün, fevralın 3-də ədliyyə nazirinə və Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyi gözlənir.

Bu barədə Azadlıq Radioosuna Rüfət Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil vurğulayıb ki, bu gün, fevralın 3-ü bazar günü olduğundan məktubu və ölüm kağızını poçt vasitəsilə göndərəcəklər:

“Bazar ertəsi isə teleqram vuracaqlar,Ümid edirik ki, Rüfət Səfərova nənəsinin yas mərasimində iştirak üçün icazə veriləcək”.

Rüfət Səfərovun nənəsi dünən, fevralın 2-də vəfat edib.

Bu barədə Rüfət Səfərovun atası, Hakim “Yeni Azərbaycan” Partiyasından keçmiş deputat, bir müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sabiroğlu öz “Facebook” səhifəsində yazıb.O vurğulayıb ki, R. Səfərovu nənəsi saxlayıb.

Bu məsələyə, hələlik, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemindəki vəziyyəti tənqid edərək bu sistemdən çıxdığını bildirib. Həmin vaxta kimi R.Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi idi.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanıb və təkrar rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

R.Səfərov ittihamı qəbul etmir.

 

Turan