Arif Hacılı: “Tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz”

Müsavat başqanı Arif Hacılı İlham Əliyevin “AXC-Müsavat cütlüyü” ifadəsinə münasibət bildirdi.

Arif Hacılı bu barədə özünün “facebook” səhifəsində yazıb.

“İlham Əliyev yenə AXC-Müsavat cütlüyündən danışdı. Elcibəy hökuməti dövründə, İlham Əliyevin AXC-Müsavat cütlüyü adlandırdığı qüvvələrin rəhbərliyi, təşkilatçılığı və birbaşa iştirakı ilə Azad, Kamo və bir çox Gəncəətrafı ərazilərimiz, Şaumyan kənd rayonu, Ağdərə rayonu işğaldan azad edilib.”, -Arif Hacılı yazıb.

“Xocalı, Şuşa, Laçın Elçibəy hakimiyyətindən əvvəl, Qubadlı, Zəngilan, Cərayıl, Füzuli, Ağdam, Ağdərə rayonları isə xalq tərəfindən qurulan AXC-Müsavat hakimiyyəti qiyam və dövlət çevrilişi nəticəsində devrildikdən, YAP-çıların qurtuluş günü kimi qeyd etdikləri 15 iyun 1993-cü il tarixdən sonra, Heydər Əliyevin dövlət başçısı və Ali Baş Komandan olduğu dövrdə işqal edilib. 89- cu ildə Xalq Hərəkatı başlananda bütün Azərbaycan işğal altında idi. Bakıya, Sumqayıta, Gəncəyə və başqa şəhərlərimizə də erməni-rus canişinləri nəzarət edirdi. Biz əvvəl şəhərlərimizi, sonra dövlətimizi işğaldan azad etdik. Qarabağın yarısı azad edilmişdi, tam azad olmasının qarşısını qiyam və çevriliş aldı. AXC- Müsavat cütlüyü 1 il də hakimiyyətdə qalsa ərazilərimiz işğal olunmayacaq, işğal altındakı ərazilər də azad ediləcəkdi. Kəlbəcərdən erməni hərbi birləşmələrinin çıxarılmasının hətta qrafiki müəyyənləşmiş, bütün tərəflər buna razılaşdırılmışdı.”, -Arif Hacılı bildirib.

“AXC-Müsavat hakimiyyəti qiyam və çevriliş yolu ilə devrilmədən yalnız 1 prezidentlik müddəti hakimiyyətdə qalsa Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurulacaqdı. Tarixi həqiqət budur. Tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz.”, -Arif Hacılı əlavə edib.

 

 

Bastainfo.com