“Basta”nın “həyəcanlandırdığı” iki şahid məhkəməyə gəlmədi

Bu gün, fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.

Məhkəmə zalıında Müsavat başqanı Arif Hacılı, MSDM -in sədri İsa Qəmbər, bir qrup Müsavat fəalları və jurnalistlər iştirak edirdi. Məhkəmə prosesində şahidlər iştirak etmədiyinə görə iclas təxirə salındı.

Vəkil Osman Kazımov şahidlərin məhkəməyə gəlməməsinə etirazını bildirdi.

Osman Kazımov: Maraqlıdır. Bu insanlar özləri şikayətçi olduqları halda niyə məhkəməyə gəlməyiblər?

Səbuhi Hüseynov məhkəmənin katibinə: Şahidlərə xəbər verilməyibmi?

Katib: Rəsmi surətdə məlumat vermişik.

Mustafa Hacıbəyli məhkəmə iclasında çəkiliş etmək və audio qeydlər aparılması tələbi ilə iki vəsatət qaldırdı.  

Məhkəmə prosesinin 19 fevralda davam etdiriləcəyi bildirildi.

Qeyd edək ki, 2018-ci ilin iyul ayında Mingəçevirdə baş vermiş qəza və Gəncədə icra başçısına edilən sui-qəsdlə bağlı “Basta” saytında “Turan” agentliyinə istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə ittiham elan olunub.

“Basta” saytı bloklanıb, baş redaktor polisin nəzarətinə verilib.

 

Könül Alı

Bastainfo.com