Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri azadlıqda

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim həbsdən buraxılıb.

Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərara əsasən, ona verilmiş 5 ay 22 günlük cəza azaldılaraq, 4 ay 16 günə endirilib. Müddət tamam olduğundan o, məhkəmə zalından azadlığa buraxılıb.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülüb. O bu dəfə həbsxanada yatağında qadağan olunmuş əşya,- bıçaq tiyəsi saxlamaqda günahlandırılıb.

AXCP sədrinin müşaviri həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Rəsmi Bakı ölkədə insanların siyasi fəaliyyətinə görə təqib edilmədiyini, qanun qarşısında bərabər olduğunu bildirir.

Eyni zamanda hazırda AXCP sədri Əli Kərimlinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, müşavirləri Məmməd İbrahim, Asif Yusifli, o cümlədən bu partiyanın ondan çox fəalı həbsdədir.

 

Amerikanın Səsi