Yeni Azərbaycan Partiyasının təmsilçiləri İnternet üzərində nəzarətin sərtləşdirilməsini təklif edirlər

Görünür, hakim Yeni Azərbaycan Partiyası İnternetə nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni kampaniyaya başlayır. Bu günlərdə YAP təmsilçisi, parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev “xaricdən gələn təhlükəsizlik hədələri və təhqirlər”lə əlaqədar sosial şəbəkələrin bağlanmasına çağırıb. O, “milli sosial şəbəkələr”in yaradılmasını təklif edib.

Bu gün baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının sədri Əli Əhmədov sosial şəbəkələrdə “özünü qanunla müdafiə etməyin mümkün olmamasından” şikayətlənib.

“İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”, – Ə.Əhmədov bildirib.

“Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün İnternetin məhdudlaşdırılmasına da gedirlər. Mən İnternetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”, -Ə.Əhmədov bildirib.

 

TURAN