Senatorlar Rusiyaya daha sərt sanksiyalar istəyirlər

ABŞ-ın hər iki partiyasını təmsil edən senatorlar fevralın 13-də yeni qanun layihəsi təqdim ediblər. Sənəd ABŞ-da seçkilərə müdaxilə və Ukraynaya təcavüzə görə Rusiyaya yeni, güclü sanksiyaları nəzərdə tutur.

Layihəni respublikaçı Lindsey Graham, demokrat Bob Menendez və Senatın Xarici əlaqələr komitəsinin digər üzvləri təqdim edib.

Menendez deyib ki, konqresmenlər Moskvanın Ukraynaya təcavüzü, Suriyadakı humanitar böhran, “beynəlxalq normaların davamlı pozulması”na görə hərəkətə keçməkdə qətiyyətlidir.

“Bir şey getdikcə daha çox aydınlaşır: Moskva əsl dirəniş görməyincə irəli gedəcək”, – Menendez deyib.

Bob Menendez
Bob Menendez

Prezidentin tərəfdarı olan, amma Rusiyaya qarşı sərt mövqe tutan Graham deyib ki, “məqsədimiz status kvonu dəyişmək, Prezident Vladimir Putin Rusiyasına qarşı mənalı sanksiyalar və tədbirlər görməkdir”.

RUSİYAYA TƏLƏBLƏR

O, ABŞ-da seçki prosesinə müdaxiləni dayandırmalı, Amerikanın infrastrukturuna kiberhücumları kəsməli, Rusiyanı Ukraynadan çıxarmalı, Suriyada xaos yaratmaq cəhdlərinə son qoymalıdır”, – senator deyib.

Rusiya Suriyada Prezident Bashar al-Assad hökumətini dəstəkləyir.

Bu layihə iki senatorun ötən il hazırladığından daha sərtdir. Ötən il sənəd respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçmədi.

Lindsey Graham
Lindsey Graham

Amma yeni sənədin Konqresdən keçmək şansı çoxdur. O ya bütünlüklə, ya da digər qanunvericiliyə dəyişikliklər formasında qəbul oluna bilər. Çünki hazırda Moskvanın digər ölkələrin işlərinə müdaxiləsindən dolayı qəzəb yüksəlməkdədir.

Layihədə xarici ölkələrdə seçkilərə müdaxiləni dəstəkləyən banklara; “birbaşa, yaxud dolayısı ilə Putinin adından qanunsuz və korrupsioner fəaliyyəti asanlaşdıran” fərdlərə sanksiyalar nəzərdə tutulur.

Sənəddə Rusiyanın neft və qaz sektoruna qarşı da sərt tədbirlər var.

Bu sənədin qanuna çevrilməsi üçün Prezident Donald Trump onu imzalamalıdır.

2017-ci ildə demokratların və respublikaçıların güclü dəstəyi altında Konqres CAATSA adlı sanksiya qanununu qəbul edərək Moskvaya cəza tədbirlərini qüvvəyə mindirdi.

 

Azadlıq Radiosu