Varşava konfransında İrandan danışırlar

Bu gün – fevralın 14-də Varşavada keçirilən Yaxın Şərq konfransında Birləşmiş Ştatlar və İsrailin İrana təzyiqdən danışacağı gözlənir.

60 ölkənin qatıldığı toplantıda ABŞ Dövlət katibi Mike Pompeo, Birləşmiş Ştatların Vitse-prezidenti Mike Pence, İsrailin Baş naziri Benjamin Netanyahu çıxış edəcək.

Tehran artıq bu görüşə “düşmən hərəkəti” damğasını vurub, Polşa üçün fəsadlar verəcəyini deyib.

Bəzi Avropa ölkələri konfransa aşağı səviyyəli rəsmilərini göndərib, Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini isə ona qatılmır.

Ötən il ABŞ Prezidenti Donald Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Amma AB üzvləri bu sazişi xilas etməyə çalışırlar.

Varşava konfransında Rusiya və Çin, fələstinlilər də qatılmayıb.

ABŞ administrasiyasının rəsmisi ötən ay demişdi ki, konfrans “İrana qarşı deyil”, amma Pompeo orada “İranın regiondakı destruktiv siyasətini” müzakirə edəcək.

 

Azadlıq Radiosu